BAKI, 21 dekabr — Sputnik. İspaniya oktyabrda Rusiyadan 110 min tondan çox taxıl alıb ki, bu da 11 il ərzində rekord göstəricidir.
Bu barədə "RİA Novosti" Avropa statistikası əsasında apardığı hesablamalara istinadən yazıb.
Sonuncu maksimum 2012-ci ilin noyabrında qeydə alınıb. O zaman taxıl idxalı 118 min ton təşkil edib.
Daha sonrakı böyük tədarüklər bu ilin yanvarında - 46 min ton həcmində baş verib.
İspaniya şirkətləri oktyabrda Rusiya Federasiyasından alınan taxıl üçün 23,9 milyon avro ödəyiblər ki, bu da sentyabrdakı məbləğdən 17 dəfə çoxdur.
Beləliklə, payızın ikinci ayında Avropa İttifaqına göndərilən Rusiya taxılının 55%-i İspaniya tərəfindən qəbul edilib. Digər Avropa ölkələri daha 91 min tonu bölüşdürüblər: ən çox İtaliya (42 min ton), Yunanıstan (38 min ton) və Latviya (9 min ton).
Ümumilikdə, bu ilin on ayında Rusiya taxılının Aİ-yə idxalı 1,5 dəfə artaraq 1,2 milyon tona çatıb. Ən böyük alıcı İtaliyadır (alışlarda 4,5 dəfə artım - 390 min tona qədər), sonrakı yerlərdə Latviya (1,6 dəfə artım - 289 min tona qədər) və Yunanıstan (1,5 dəfə artım - 228 min tona qədər) gəlir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bu il ölkədə taxıl yığımı rekord həddə çata bilər.