BAKI, 19 dekabr — Sputnik. Azərbaycan hökuməti növbədənkənar prezident seçkilərinin müşahidəsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) dəvət göndərib. Bu barədə APA-ya ATƏT DTİHB-nin mətbuat katibi bildirib.
Seçkiqabağı mühiti və səsvermə gününə hazırlığı qiymətləndirmək üçün seçki gününə bir müddət qalmış seçkinin keçirilməli olduğu ATƏT ölkələrinə səfərlərin baş tutduğunu deyən ATƏT DTİHB-nin rəsmisi belə səfərlər zamanı mühiti qiymətləndirmək üçün hökumət rəsmiləri, seçki administrasiyası, ədliyyə sisteminin təmsilçiləri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri və media da daxil olmaqla, geniş kütlə ilə görüşlər keçirildiyini deyib.
"Hər bir seçki müşahidəsinə ilkin ehtiyacların qiymətləndirilməsindən sonra öz mahiyyəti üzrə qərar verilir. DTİHB-nin Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi hesabatı yaxın günlərdə dərc ediləcək", - o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.