BAKI, 18 dekabr — Sputnik. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində "Qidalanmanın təşkili haqqında Təlimat" təsdiqlənib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Tibb müəssisələrində mövcud qanunvericiliyin tələblərini əsas tutaraq müalicə alan vətəndaşların qidalanmasının düzgün təşkil edilməsi, qida sahəsində çalışan işçilərin maarifləndirilməsi və işlərinin peşəkar şəkildə təşkil edilməsi üçün təlimat tərtib edilib.
Qurumun İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili haqqında Təlimat" təsdiq edilib. Təlimat Azərbaycanın mövcud qanunvericiliyi, normativ hüquqi sənədləri və TƏBİB-in Nizamnaməsinə uyğun olaraq hazırlanıb.
Pasiyentlərin qida qəbulu vaxtları ümumi olaraq bu qaydada planlaşdırılır: səhər yeməyi – 08:00–09:00, birinci ara yemək – 11:00, nahar yeməyi 13:00–15:00, ikinci ara yemək 17:00, şam yeməyi 19:00–20:00. Qidalanmanın vaxtları xəstələrin müalicə növünə görə müalicə həkimi tərəfindən dəyişdirilə bilər.
Xüsusi pəhriz tələb etməyən xəstələrin qidalanması gündəlik 3-4 dəfə və yeməklər arasında fasilə 4-5 saat olaraq nəzərdə tutulmalıdır. Yeməklər arası fasilənin 2 saatdan tez olması məqsədəuyğun deyil.
Əksər xəstələrdə pəhriz masasına görə qidalanma gün ərzində 5-6 dəfə müalicə həkimi və ya həkim-diyetoloq tərəfindən təyin edilə bilər.
Böyüklərdə gündəlik enerjinin 45-60%-nin karbohidratlardan, 20-35%-nin yağlardan və 10-20%-nin zülallardan alınması tövsiyə olunur.
Tibb müəssisələrində qidaların uyğun şərtlərdə istehsalını və insan sağlamlığına mənfi təsir göstərən mikrobioloji risklərin olub-olmadığını müəyyən etmək məqsədilə səhər, nahar, şam yeməklərinin hər birindən nümunələr götürülərək analiz edilir.