BAKI, 18 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Rus Dili Təşkilatının fəaliyyətinin praktiki məsələlərinin həllinin vacibliyini bəyan edib.
"Rusiya (MDB-də) sədrliyi dövründə ümumi irsimizin - həm ölkələrimizdə, həm də dünyanın digər yerlərində yüz milyonlarla insanın millətlərarası ünsiyyət dili olmuş rus dilinə xüsusi diqqət yetirəcək", - o, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində bildirib.
Putin xatırladıb ki, oktyabrın 13-də Bişkek sammitində Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında Müqavilə imzalanıb.
"Qərargahı Soçidə yerləşəcək bu struktur həm MDB daxilində, həm də onun hüdudlarından kənarda qarşılıqlı anlaşma və azad ünsiyyətin açarı kimi rus dilinin qorunmasını və təbliğini təmin etməyə kömək etmək üçün nəzərdə tutulub. İndi praktiki məsələlərin, təşkilatın fəaliyyəti və onun əsas sənədlərinin işlənib hazırlanması, o cümlədən nazirlərin ilk konfransının hazırlanması və keçirilməsi həlli vacibdir" - Rusiya Prezidenti qeyd edib.
Rəsmi məlumata görə, Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır.
Hazırda Azərbaycanda 4 min 432 orta məktəbdən 329-u tamamilə rus bölməsindən ibarətdir.