BAKI, 18 dekabr — Sputnik. Bolqarıstan parlamenti Rusiya qazının tranziti üçün artan tariflərin ləğvinə səs verib.
Bolqarıstan Milli Televiziyası bu barədə xəbər verib.
Bundan əvvəl məlum olub ki, Bolqarıstan Macarıstan tərəfinin tələbi ilə Rusiya qazının bütün ərazisi üzrə tranzitinə aksiz vergisini ləğv edəcək. Müvafiq qərar Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov və ultimatum verərək respublikanın Şengenə daxil olmasına veto qoyacağı ilə hədələyən Macarıstanın baş naziri Viktor Orban arasında söhbətdən sonra qəbul edilib.
Xatırladaq ki, oktyabrın 13-də Bolqarıstan Rusiyadan tranzit qazın hər meqavat-saatı üçün 20 lev (10 avro) məbləğində aksiz vergisi müəyyən edib. Bolqarıstanın baş naziri Nikolay Denkov bildirib ki, Macarıstan və Serbiya Rusiya qazının idxalına qarşı sanksiyalardan istisna əldə ediblər. Tətbiq olunan tədbir, onun fikrincə, qaz bazarında rəqabəti artıracaq.
"Financial Times" qəzeti Bolqarıstanın tariflərini "cəzalandırıcı" adlandırıb. Onlar, adətən fəaliyyəti məhdudlaşdırmaq üçün tətbiq edilir.