BAKI, 18 dekabr — Sputnik. Rusiyanın Dağıstan ərazisində "Azərbaycan və Rusiya arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi, mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 25-cü görüşü keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, görüş Komissiyanın Azərbaycan tərəfdən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, bu ölkənin Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib. İclasda səhmdar cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.