BAKI, 18 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı razılığa gəlmək üçün Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünür.
Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Avropa rəsmiləri 2007-ci il Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsinə istinad edə bilərlər. Orada bildirilir ki, müəyyən ölkə Avropa qanunlarının pozulması səbəbindən səsvermə hüququndan məhrum edilə bilər. Qaydalara uyğun olaraq, Aİ daxilindəki istənilən ölkənin digər dövləti bloklamaq hüququ var.
Eyni zamanda, müəlliflər qeyd ediblər ki, hazırda Avropa İttifaqı daxilində Macarıstanın "zəmanətli müdafiəçiləri" qalmayıb. Avropa İttifaqının bəzi nümayəndələri yekdil qənaətə gəliblər ki, baş nazir Viktor Orbanın səsini kəsmək əvəzinə, ona ölkənin ittifaq daxilində təcrid olunmasının "dəyərini" göstərməlidirlər.
Aİ ölkələri Macarıstanın iştirakı olmadan Ukraynaya yardım göstərə bilələr, lakin bunun daha çox vaxt aparacağı və yalnız müvəqqəti həll yolu olacağı qeyd edilib.
"Bəlkə Macarıstan daha çox problem yaradacaq. Bəlkə də Macarıstan bizi başqa vasitələrdən istifadə etməyə məcbur edəcək. Amma son nəticədə Macarıstan Ukraynanı vəsaitlə təmin etməyimizə mane ola bilməyəcək", - deyə "Financial Times"in həmsöhbəti etiraf edib.
Bundan əvvəl Viktor Orban "Kossuth" radiosunun efirində bildirmişdi ki, Macarıstanın Ukraynanın daha 75 dəfə Avropa Birliyinə daxil olmasının qarşısını almaq imkanı olacaq.