BAKI, 12 dekabr — Sputnik. Bu yaxınlarda Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq saxlanılanların mübadiləsinə dair birgə bəyanatı və Ermənistanın COP29 forumuna dair razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi.
Bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.
Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.