BAKI, 10 dekabr - Sputnik. Rusiya artıq xeyli güclənib, bu, ABŞ-ın Ukraynanın əli ilə başlatdığı hərbi əməliyyatların əsas nəticəsidir. TASS xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxış edib.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynanın əli ilə Rusiyaya qarşı başlatdığı müharibənin nəticəsi artıq görünür.
"Siz NATO-nun genişlənməsini qeyd etdiniz, amma bizim üçün və yeri gəlmişkən, bunu daha sonra hiss edəcək başqaları üçün əsas nəticə odur ki, Rusiya artıq bu hadisələrdən əvvəlkindən xeyli güclənib”, - deyə Lavrov bildirib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib.
Alyans isə, həmin vaxt ərzində, Moskvanın etirazlarına baxmayaraq, durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.