BAKI, 6 dekabr — Sputnik. Dekabrın 5-də Moskvada Xəzər "beşliyi"nin xarici işlər nazirlərinin toplantısını keçirilib. Toplantının yekunlarına dair birgə bəyanat qəbul edilib. Birgə bəyanatda bildirilib ki, beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarıdırlar.
Sputnik Azərbaycan Xəzər "beşliyi"nin son toplantısının yekunları ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.
Hərbi ekspert Ədalət Verdiyev
© Photo : Personal archive
Ə.Verdiyev bildirib ki, son toplantıda müzakirə olunan məsələlər bütün ölkələr üçün önəm kəsb edirdi:
"Hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsini Azərbaycan da dəstəkləyir. Onu da qeyd etmək lazımdır ki, Türkiyə hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi Azərbaycanın planında yoxdur. Xəzər hövzəsində yerləşdirilən hərbi qüvvələrin balanslaşdırılması, razılaşdırılmış bir sayda saxlanılmasının tərəfdarı olmuşuq. Bu baxımdan Xəzərlə bağlı konvensiya heç bir halda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına mane olmur. Azərbaycan Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə ilə hərbi əməkdaşlığını ən yüksək səviyyədə davam etdirir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.