TƏHSİL

Qazaxda məktəblərdə uşaqların məcbur peyvənd olunduğuna aydınlıq gətirildi - FOTO

TƏBİB-dən bildirilib ki, şagirdlər vərəmə qarşı peyvənd yox, mantu sınağına cəlb ediliblər.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. TƏBİB Qazaxda 1 saylı məktəbdə şagirdlərin vərəmə qarşı məcburi vaksin olunması ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. Qurumdan sorğumuza cavabda bildirilib ki, şagirdlər vərəmə qarşı peyvənd yox, mantu sınağına cəlb ediliblər.
Qeyd edək ki, dünən Qazax şəhər S.Əfəndiyev adına 1saylı tam orta məktəbin müəllimi Təranə Məmmədtağıyeva öz *Facebook sosial şəbəkə hesabında şagirdlərin vərəmə qarşı məcburi peyvənd vurulduğunu, şprislərin dəyişdirilmədən istifadə edildiyini bildirib.
TƏBİB-dən isə bildirilib ki, Qazax rayonunda da uşaqlar arasında vərəm infeksiyasına yoluxmuş şəxslərin erkən aşkarlanması və profilaktikası məqsədilə orta məktəblərdə uşaqların və yeniyetmələrin müayinələri aparılmış, o cümlədən Mantu sınağı qoyulmuşdur. Qazax Rayon Ailə Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən Mantu sınağı aparılarkən bütün aseptika və antiseptika qaydalarına əməl edilmiş, istifadə edilmiş şprislər tibbi tullantılar üçün olan qutulara atılmışdır.
Tuberkulinin 1 flakonu, əsasən, 10 dozalıq olur. Tuberkulin sınağı üçün sifariş verilən dozaya uyğun olaraq şprislər də dərmanın üzərində verilir. Tuberkulinodiaqnostika üçün istifadə edilən şprislər 1 ml həcmindədir. Şprislər bir dəfəlik istifadədən sonra yararsız olur.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.