AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - Yenilənib

ABŞ diplomatının Bakıya səfəri barədə razılıq noyabrın 28-də dövlət katibi Antoni Blinkenin (Antony Blinken) Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi zamanı əldə edilib.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Braynı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Пörüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.
Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd edib.
Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışıb.
Ceyms O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğuladı. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxundu, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini dedi, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.
Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğulayıb. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.
Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
TƏHLİL
Ağ Ev rəsmisinin açıqlaması aşkar riyakarlıqdır - millət vəkili