"Sonununcu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi. Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq, onun aşağı salınması məqsədəuyğun deyil", - deyə deputat əlavə edib.
"Bu baxımdan, həmin məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar. Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları yaratmaq hər zaman mümkündür".
"1,3 milyon istifadəçi çox ciddi rəqəmdir və o deməkdir ki, Azərbaycanda elektron ticarət 10 il gecikmə ilə formalaşdı. Lakin çox böyük bir əmma yarandı. Bu, daxili sifarişlər deyil. Hazırda çox sayda sahibkar dövlət orqanlarına şikayət məktubları yazır, mediada məsələni işıqlandırırlar. Sahibkar 36% gömrük rüsumu, gəlir vergisi və digər məcburi ödəmələri etdiyi halda vətəndaş ay ərzində 0%-lə, 300 $-ı keçməmək şərtilə məhsullar daha ucuza əldə edir".
"Burada dövlətin üzərinə çox çətin bir məsuliyyət düşür. Çünki bir tərəfdə sahibkar batır, bir tərəfdə elektron ticarət inkişaf edir. Belə anda ilk ağla gələn poçt daşımalarına tətbiq olunan limitin 300 $-dan aşağı salınması məsələsidir. Amma düşünürəm ki, bu, qətiyyən belə olmalı deyil. Bu, çıxış yolu olmayacaq. Dövlət burada sahibkarı qorumaq üçün xüsusi paketlər hazırlamalıdır. Yerli istehsalı təşviq edən nələrsə olmalıdır. Amma bu halda da yerli sahibkar türkiyəli sahibkarla rəqabət apara bilməyəcək. Türkiyə ilə tekstil sahəsində heç nəhəng ölkələr də rəqabət apara bilmir".
"Bir neçə ildən sonra gördüyümüz ənənəvi alış-veriş mərkəzləri dünyanın heç bir yerində olmayacaq. Artıq dövr dəyişir. Elə ölkələr var ki, onlayn ticarət illik ümumi ticarət dövriyyəsinin yarıdan çoxunu təşkil edir. Azərbaycanda onlayn ticarətin bazar payı 1/5-ə çatmayıb. Lakin elə vaxt gələcək ki, bu, yarıdan çox olacaq. O zaman iş adamları, pərakəndə satışla məşğul olanlar nə edəcək? İndidən bu problemlər görüb, dövrlə ayaqlaşmalıdırlar. Getdikdə sahibkarların şəhərin mərkəzində böyük mağazalar açıb minlərlə manat icarə pulu verməyinə ehtiyac qalmayacaq", - deyə N.Cəfərli bildirib.