BAKI, 5 dekabr — Sputnik. Türkiyənin Statistika Təşkilatı noyabr ayı üçün istehlak qiymətləri indeksini açıqlayıb.
Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, noyabrda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) illik 61,98 faiz artıb. Aylıq artım isə 3,28 faiz olub. Oktyabrda Türkiyədə illik inflyasiya 61,36 faiz, aylıq inflyasiya 3,43 faiz təşkil etmişdi. Beləliklə, Türkiyədə noyabr ayında əvvəlki ayla müqayisədə illik inflyasiya sürətlənib.
Qeyd edək ki, əvvəlki ilin müvafiq ayına nisbətən ən az artım göstərən əsas qrup 37,54 faiz ilə mənzil qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 92,86 faiz ilə restoran və otellər qiymətləri olub.
Noyabrda əvvəlki aya nisbətən geyim və ayaqqabı 0,31 faiz ucuzlaşıb.
Noyabr ayında ən çox qiymət artımı kərə yağının qiymətində qeydə alınıb. Bu məhsulun qiymətləri oktyabr ayı ilə müqayisədə 13,63 faiz bahalaşıb. Sonrakı yerlərdə 11,94 faiz artımla tərəvəz məhsulları, 10,3 faiz artımla siqaretlər gəlib.
Mərkəzi Bank uçot dərəcəsini qaldırır
Xatırladaq ki, Mərkəzi Bankın 2023-cü il üçün inflyasiya proqnozu 59-67 faiz arasındadır.
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırmağa davam edir. Mərkəzi Bankın məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək.
Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı.
Hazırda 1 dollar 28,90 lirədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.