RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: RF sutkada Ukraynanın iki MiQ-29 qırıcısını və Mi-8 helikopterini məhv edib

Rusiya bir gündə Ukrayna Silahlı Qüvvələrinin 74 pilotsuz təyyarəsini (dron) darmadağın edib.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus iki MiQ-29 qırıcısını, Mi-8 hərbi helikopterini, "HARM" anti-radar raketini və Ukrayna Silahlı Qüvvələrinin (USQ) 74 dronunu vurub.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"24 saat ərzində Dnepropetrovsk vilayətinin Şirokoye və Nikolayev vilayətinin Berezniqovatoye yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki MiQ-29 təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Ukraynanın dronları Zaporojye və Xerson vilayətlərində, həmçinin Donetsk və Luqansk ərazilərində məhv edilib.
Qeyd edək ki, noyabrın 29-da Donetsk səmasında Rusiyanın qırıcı aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynayanın iki MiQ-29 və Su-25 təyyarələrinin məhv edilməsi barədə məlumat verilib. Bundan əlavə, Novoselovka yaşayış məntəqəsi yaxınlığında USQ-nin bir neçə pilotsuz təyyarəsini məhv etmək mümkün olub.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.