BAKI, 4 dekabr — Sputnik. Qaxda iki nəfərin qızılca xəstəliyinə yoluxduğuna dair məlumat yayılıb. Sputnik Azərbaycan-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, rayonun Qapıçay kənd sakini olan 13 yaşlı qız və rayonun Qarabaldır kənd sakini olan 5 yaşlı oğlan qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə daxil olub. Hazırda hər iki xəstənin müalicəsi xəstəxanada davam etdirilir.
Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi Şəbnəm Qumuxova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azyaşlıların qızılcaya yoluxması ilə bağlı RGEM-ə məlumat daxil olmayıb.
"Bizə ancaq bir nəfər böyük yaşlı əhali qrupuna aid sakinin qızılcaya yoluxduğuna dair məlumat daxil olub. Həmin şəxs Qaxın Tasmalı kənd sakinidir", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, şənbə günü Qobustanda iki yaşlı azyaşlı qızılcanın qurbanı olub. Bununla da son günlər ölkədə qızılcadan ölən uşaqların sayı 4 nəfərə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.