BAKI, 01 dekabr — Sputnik. Asteroidin düşməsi dinozavrların yox olmasına səbəb olan yeganə səbəb deyil. Araşdırma göstərib ki, kataklizmdən əvvəl Yer kürəsində qlobal iqlim dəyişiklikləri baş verib.
Bunu Makgilla Universitetinin (Kanada) alimləri bildiriblər.
Alimlər Qərbi Hindistanda ərimiş lavadan əmələ gələn böyük qayalıq yayla olan Deccan tələlərini tədqiq ediblər. Onun həcmi bir milyon kub kilometr süxur olaraq qiymətləndirilib. Onlar, həmçinin dünyanın digər yerlərində, xüsusən də İngiltərə və İsveçdə vulkanik qayaları təhlil ediblər.
Süxurların tədqiqi göstərib ki, Yer kürəsində bir sıra irimiqyaslı püskürmələr baş verib və bu püskürmə zamanı atmosferə çoxlu miqdarda kükürd və ftor buraxılıb. Bu hadisələr vulkanik qışa - planetdə temperaturun qlobal azalmasına səbəb ola bilər.
"Tədqiqatımız göstərdi ki, iqlim şəraiti, dinozavrların yox olmasından əvvəl onilliklər boyu davam edən təkrar vulkanik qışlar ilə, demək olar ki, qeyri-sabit olub" - alimlər yekun qərara gəliblər.
Belə şərait həm bitkilər, həm də heyvanlar, o cümlədən dinozavrlar üçün əlverişsiz idi. "Science Advances" xəbər verib ki, tədqiqatçıların fikrincə, onlar dinozavrların tamamilə yox olması üçün "zəmin hazırlayıblar".
Xatırladaq ki, başqa bir araşdırmada dinozavrların nəslinin kəsilməsinə əsas səbəb kimi toz göstərilirdi. Belçikalı alimlər kompüter modelləşdirmə apardıqdan sonra bu qənaətə gəliblər.