İQTİSADİYYAT

Şahmar Mövsümov: "Azərbaycanda startapların sayı 3 dəfə artıb"

Texnoloji parkların yaradılması, elmi-tədqiqat mərkəzlərinin qurulması kimi addımlar sayəsində bütün sektorlarda innovasiyalar üçün zəmin yaratmağa nail olmuşuq.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda bu il startapların sayı ötən illə müqayisədə 3 dəfə çoxdur.
Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"ndə bildirib.
"Azərbaycan müxtəlif yolların kəsişməsində yerləşir və ölkəmizin çox zəngin mədəni tarixi var. Bu gün biz tərəqqi üçün bir yol yaratmaqdayıq. Azərbaycanın innovasiyaların öncüllüyündə dərin tarixi var. 1847-ci ildə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neft quyusu qazılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vacib islahatlar həyata keçirib. Biz innovasiyalarda tərəfdaş qismində də çıxış edirik. Texnoloji parkların yaradılması, elmi-tədqiqat mərkəzlərinin qurulması kimi addımlar sayəsində bütün sektorlarda innovasiyalar üçün zəmin yaratmağa nail olmuşuq" - o, deyib..
Mövsümov əlavə edib ki, Azərbaycanın tərəfdaşlığı dayanıqlı iqtisadi artımın gücləndirilməsinə yönəlib:
"Prezidentin təsdiq etdiyi "Azərbaycan 2030" vizyonunda dayanıqlı sosial iqtisadi inkişaf üçün kompleks planlar nəzərdə tutulub. Bizim məramımız neft əsaslı iqtisadiyyatdan şaxələndirilmiş və inkluziv iqtisadiyyata keçiddir. Bunu isə innovasiyalar vasitəsilə etməliyik. Son illər texnologiya parklarına verilən güzəştlər də yerli startapların və texnoloji şirkətlərin fəaliyyətinin təmin edilməsi üçün əlverişli şərait yaradıb".