BAKI, 30 noyabr — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə bu ilin noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.
Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birləşir.
15.11.23, 11:52
Azərbaycan 10 ayda nə qədər neft-qaz hasil və ixrac edib?
Bu ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 25,3 milyon ton, ixracı isə 21 milyon ton olub.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 4,2 % artımla hasil edilmiş 40,1 milyard kubmetr təbii qazın isə 19,8 milyard kubmetri ixrac olunub.
Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.