İQTİSADİYYAT

Müflisləşən "Muğanbank"ın əmanətçilərinə kompensasiya ödənişi nə yerdədir?

Kompensasiya ödənişləri agent banklar - "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100951000 manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.
Bu barədə Fonddan bildirilib.
Kompensasiya ödənişləri agent banklar - "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.
Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, Fond ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə noyabrın 27-dən etibarən başlayıb.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. Həmçinin, qanuna uyğun olaraq “Muğanbank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.