BAKI, 29 noyabr — Sputnik. Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.
Məlumatı "TRTHaber" yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də daxildir.
Xatırladaq ki, bu ay Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra Qarabağda 30 illik işğala tamamilə son qoydu:
"Biz bu tarixi nailiyyətdən qürur duyuruq. Beləliklə, biz regionumuzda daimi sülhə bir addım yaxınlaşmışıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək".