DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünya iqtisadiyyatı parçalanma riski ilə üz-üzədir - Çinin baş naziri

ÇXR Dövlət Şurasının baş naziri Li Çian proteksionizm, antiqloballaşma düşüncəsi və digər amillərin yaratdığı risklərə qarşı daha ayıq-sayıq olmağın vacibliyinə diqqət yetirib.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Qlobal iqtisadiyyat parçalanma riski ilə üz-üzədir. Ölkələr qlobal təchizat və istehsal zəncirlərinin süni pozulmasının və maneələrin qarşısını almalıdırlar.
Bunu ÇXR Dövlət Şurasının baş naziri Li Çian çərşənbə axşamı bəyan edib.
"Biz qlobal təchizat və istehsal zəncirlərində əməkdaşlığa mane olan pan-siyasiləşdirmə və təhlükəsizliyin ümumiləşdirilməsi kimi tendensiyaları görürük. Qlobal iqtisadiyyat parçalanma riski ilə üz-üzədir", - deyə Li Çian Pekində keçirilən "China International Supply Chain Expo" sərgisində (CISCE) şıxışı zamanı söyləyib.
Li Çian qeyd edib ki, dünya ölkələri təchizat zəncirləri və sənaye zəncirlərində sabit əməkdaşlıqdan faydalanırlar. Əgər əməkdaşlıq çətin olarsa, hər kəs bundan əziyyət çəkər.
"Bu, bizim qaydalara əməl etməyimizi, ümumi tendensiyanı tanımağımızı, inkişaf imkanlarından daha yaxşı istifadə etməyimizi, texnoloji tərəqqi və məhsuldarlıq artımını, qlobal istehsal zəncirlərinin və tədarük zəncirlərinin keyfiyyətinin və məhsuldarlığının artırılmasına daha çox diqqət yetirməyimizi tələb edir", - – deyə baş nazir bildirib.
O, proteksionizm, antiqloballaşma düşüncəsi və digər amillərin yaratdığı risklərə qarşı daha ayıq-sayıq olmağın vacibliyinə diqqət yetirib.
"Biz, həmçinin qlobal təchizat və istehsal zəncirlərinin süni pozulmasının və maneələrin qarşısını almalıyıq" – deyə Li Çian qeyd edib.
Qeyd edək ki, noyabrın 28-dən dekabrın 2-dək Çində ilk dəfə "China International Supply Chain Expo" (CISCE) keçirilir. Sərgidə Çin və digər ölkələrdən ümumilikdə 515 şirkət iştirak edir. Expo sərgi sahəsi 100 min kvadratmetrdir. Sərgi sahəsi müxtəlif tematik sahələrə, xüsusən kənd təsərrüfatında yaşıl texnologiyalar, təmiz enerji, rəqəmsal texnologiyalar, sağlam həyat tərzi və s. bölünüb. Sərgidə ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya, Vyetnam, Tailand, Braziliya, Avstraliya, Sinqapur, Cənubi Koreya, Macarıstan, Türkiyə və digər ölkələrin şirkətlərinin stendləri nümayiş etdirilir.