PAYTAXT XƏBƏRLƏRİ

Bakıda sürücülər yollarda sıxlıqlar, qəzalardan əvvəlcədən xəbərdar olacaqlar

Yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Qeyd olunub ki, bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.
Xəritədə bütün yolların, zolaqların, yol nişanları və svetoforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub. Bununla da yollarda yaranan problemlər (qəza, tıxac, təhlükəli hallar və s.) barədə sürücülər tərəfindən DİN NİİM-ə elektron qaydada məlumatların ötürülməsi və mobil telefonların orta sürət sensoru qismində istifadəsi təmin ediləcək. Böyük Britaniyanın və Türkiyənin coğrafi informasiya sistemləri üzrə təcrübəli mütəxəssislərinin cəlb edildiyi layihə çərçivəsində Bakı şəhəri üzrə 6 min 235 km ərazidə çəkilişlər aparılıb. Hazırlanmış xəritə məlumatları vətəndaşlar tərəfindən istifadə ediləcək mobil tətbiqdə öz əksini tapacaq. Adıçəkilən tətbiq vasitəsilə vətəndaşlar xəritə üzərində müvafiq ərazilərdə aparılan təmir işlərinin, qəza hadisələrinin, tıxacların olmasını müşahidə edə biləcəklər.
Bununla yanaşı, gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur.