BAKI, 27 noyabr — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir.
İclasda "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" və "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.
Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.
Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.
İclasda komitə üzvləri ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının deputatları da iştirak edir.