BAKI, 25 noyabr — Sputnik. Cəmiyyətin müxtəlif sahələrində süni intellektin (Sİ) inkişafı ilə bəşəriyyət iş həftəsinin müddətini üç günə qədər azalda biləcək.
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts "İndi nə?" podkastında belə deyib.
O, Sİ-nin inkişafının "maşınların bütün qida və əşyaları istehsal edə biləcəyi" bir dünya yaradacağına inanır.
"Əgər siz həftədə yalnız üç gün işləməli olduğunuz bir cəmiyyətə düşsəniz, bu, yəqin ki, yaxşı bir haldır" – Qeyts bildirib.
Noyabrın əvvəlində amerikalı sahibkar İlon Mask süni intellektin bəşəriyyət üçün ölümcül təhlükə yaratdığını söyləyib. Eyni zamanda o, yaxın gələcəkdə süni intellektin bəşəriyyəti işləmək zərurətindən azad edəcəyi fikrini ifadə edib. Mask inanır ki, insanlar uyğun istəkləri olduqda işləyə biləcəklər.
Bundan əvvəl "OpenAI"-ın baş direktoru Sem Altman bildirmişdi ki, onun ChatGPT neyron şəbəkəsinin tərtibatçısı olan şirkəti universal süni intellektin yaradılması üçün "Microsoft"un əlavə investisiyalarına ümid edir.