BAKI, 23 noyabr — Sputnik. Noyabrın 27-də "Sərhədçi" İdman Mərkəzində start götürəcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 7 gün davam edəcək yarışda 26 idmançı qüvvəsini sınayacaq.
Sərbəst güləşdə Əliabbas Rzazadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), İbrahim Yusubov (92 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ülvi Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Azad Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq), qadın güləşində isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Nərgiz Səmədova (55 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (62 kq) xalça üzərinə çıxacaqlar.
Təşkilat komitəsinin rəhbərliyi yarışda iştirak edəcək idmançıların hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə hərbiçilərin fiziki hazırlıq və idman sahəsinə göstərilən yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi vurğulanıb.
Sonda qalib ölkənin idmançılarına keçiriləcək yarışlarda müvəfəqiyyətlər və uğurlar arzulanıb.