AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan lideri Armida Salsiya Alişahbananı qəbul edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb. 53 üzv və 9 assosiativ üzvdən ibarətdir. Təşkilatın İcraçı katibi 2018-ci ilin sentyabr ayından etibarən xanım Armida Salsiya Alişahbanadır.
Təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsindən ibarətdir. UNESCAP-ın fəaliyyət göstərdiyi 9 istiqamətdən biri məhz enerjidir.
Azərbaycan 31 iyul 1992-ci ildən təşkilata üzvdür. Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial icmalını hazırlayaraq təşkilata təqdim edir.
2 fevral 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində BMT-nin baş katibinin müavini və Asiya və UNESCAP-ın o dövrdəki icraçı katibi pakistanlı xanım Şamşad Axtarın Azərbaycana səfəri çərçivəsində regionda iqtisadi vəziyyətin perespektivləri və BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə həsr olunan sessiya təşkil olunub. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.
15-19 may 2017-ci il tarixində Taylandın Banqkok şəhərində UNESCAP-ın 73-cü sessiyası keçirilib. Tədbirdə Energetika nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
7-11 oktyabr 2019-cu il tarixlərində Taylandın paytaxtı Banqkokda UNESCAP çərçivəsində Dayanıqlı İnkişaf üçün Enerji üzrə 10-cu Beynəlxalq Forum və UNESCAP-ın Energetika Komitəsinin 2-ci sessiyası keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.
24-26 fevral 2021-ci il tarixində UNESCAP-ın Energetika Komitəsinin virtual formatda 3-cü sessiyası keçirilib. "Asiya və Sakit Okean regionunda daha yaşıl, davamlı və inklüziv enerji gələcəyi üçün enerji transformasiyası" mövzusuna həsr olunan tədbirdə Energetika Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilib.