CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür

Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda 40-a yaxın yeni məhkəmə kompleksi inşa olunub.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsi yeni ünvana köçürüləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Ədliyyə Nazirliyi Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binasının inşası üçün tender elan edib. Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati bina Sabunçu rayonu, Zabrat qəsəbəsində inşa ediləcək. Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürüləcək.
Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda yerləşdiyi inzibati bina əlverişli deyil. Onun sözlərinə görə, bina şəhərin mərkəzində yerləşdiyindən təqsirləndirilən şəxslərin tıxacda məhkəməyə gətirilib-aparılması çətin olur. Bundan əlavə binanın infrastrukturu da müasir deyil.
"Qanuna əsasən hakimlər məhkəmə aparılarkən təqsirləndirilən şəxslərin yaxınları ilə görüşməməlidir. Yeni inşa olunan məhkəmə binalarında bu amil nəzərə alınıb" - deyən Ə.Nuriyev onu da bildirib ki, Azərbaycanda 40-a yaxın yeni məhkəmə kompleksi inşa olunub.
Ə. Nuriyev Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı İstintaq Təcridxanasına yaxın əraziyə köçürülməsinin məqsədəuyğun olduğunu söyləyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.