BAKI, 20 noyabr — Sputnik. İrəvan və Aİ arasında Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının statusu haqqında saziş imzalanıb.
Müqaviləni Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.
Saziş Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında imzalanmış sənəddir. Əsasən hüquqi məsələləri tənzimləyir. Səfirin sözlərinə görə, məzmun olduğu kimi qalacaq və müşahidəçilər monitorinqi davam etdirəcəklər.
Politoloq İlqar Vəlizadə bildirir ki, Aİ-nin müşahidə missiyası kiçik müvəqqəti qrupdan Ermənistan ərazisində daimi əsaslarla fəaliyyət göstərən, genişlənən ştatı, çoxlu sayda regional idarələri, ən əsası isə özünəməxsus xüsusi statusu olan tam hüquqlu Avropa qurumuna çevrilir:
"Bir vaxtlar missiyanı bizim üzərimizə yükləməyə çalışdılar, amma biz dərhal bundan imtina etdik. Gördüyünüz kimi - boş yerə deyil. Təsəvvür edin, Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə çoxsaylı Kaspşiklər ora-bura fırlanır, hər şeyi izləyir, hər şeyi Borrelə (Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi - red.qeydi) məruzə edirlər, bilinmir ki, o qərar verəcək, ya verməyəcək. Ermənistan tərəfi öz sərhədlərinin suverenliyindən danışanda onlara xatırlatmaq istərdim ki, xarici missiyalar suveren sərhədlərə nəzarət etmir".
Avropa İttifaqının vətəndaş missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Missiya Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçilər patrul edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.