Şahin Bağırov: Yeni gömrük alətləri üzərində işlər həyata keçirilir
Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Gömrük-Biznes Forumu 2023"ün açılış mərasimi keçirilir.
SputnikBAKI, 20 noyabr — Sputnik. Bu gün Gülüstan Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Gömrük-Biznes Forumu 2023"ün açılış mərasimi keçirilir.
Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.
Tədbirdən öncə forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov sərgi ilə tanış olublar.
Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhərəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum Ulu Öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il yanvarın 30-da keçirilmiş beşillik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış video-çarxın nümayişi ilə başlayıb.
Şahin Bağırov: Yeni gömrük alətləri üzərində işlər həyata keçirilir
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov çıxış edərək bildirib ki, hazırda dövlət rəhbərinin tapşırığına uyğun olaraq gömrük xidmətinin çevik peşəkar və modern dövlət qulluğuna çevrilməsi qarşımızda duran əsas məsələdir.
O bildirib ki, gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi və sahibkarlıq subyekləri ilə vətəndaşların məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, həmçinin gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, daha güclü müasir tədbirlərin həyata keçirilməsi strateji fəaliyyətlər kimi müəyyən edilib.
"Xüsusilə qeyd etmək istəyirəm ki, xarici ticarət və biznesin idarə olunmasında mühüm rol oyayan bir neçə alət tərəfimizdən istifadəyə verilib. Gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşviq edilməsi və bunun kimi vacib alətlər artıq istifadədədir. Eyni zamanda, yeni alətlər üzərində də müvafiq işlər həyata keçirilir", - deyə Şahin Bağırov vurğulayıb.
Şahmar Mövsümov: Gömrük sistemində rəqəmsallaşma xarici ticarət bazarına müsbət təsir göstərir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək bildirib ki, qeyri-neft ixracının texnologiya tutumunda inkişaf var. Son dövrlərdə, dövlət büdcəsinin gömrük daxilolmalarında qeyri-neft daxilolmaları 35 faizə çatıb.
O qeyd edib ki, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi nəticə etibarilə xarici ticarət bazarına da müsbət təsir göstərir.
"Hazırda gömrük orqanları ilə sahibkarlar arasında səmərəli dialoq qurulur. Bu sahədə daha praktiki tədbirlərin həyata keçirilməsi də vacibdir. Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır", - deyə Şahmar Mövsümov əlavə edib.
Prezident köməkçisinin sözlərinə görə, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub:
"2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda, qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub".
Elnur Əliyev: "Sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatıb"
İqtisadiyyat nazirinin birinci müavni Elnur Əliyev çıxış edərək bildirib ki, bu ilin 10 ayında Azərbaycanın ixracı 29 milyard dolları ötüb, ticarət balansının profisiti 15 milyard dollardan çox olub.
Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ixracı isə 11 %-dən çox artaraq 2,7 milyard dolları ötüb:
"Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatıb. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı 23% təşkil edib".
Qeyd edilib ki, bu il Azərbaycanda yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq mal idxal gömrük rüsumlarından azad edilib. Bu addım yerli istehsalın maya dəyərinin azalmasında, ixracın və yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayıb.
E.Əliyev qeyd edib ki, hazırda bu proses davam etməkdədir və hökumət tərəfindən bir sıra yeni addımların atılması nəzərdə tutulur:
"Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalın qorunması və onun xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirlərinin, o cümlədən güzəştlərin qüvvədə olma müddətinin uzadılması məqsədilə qanunvericilik layihələri hazırlanıb və hazırda aidiyyəti orqanlarla müzakirə olunur".
Tahir Mirkişili: "Azərbaycanda yeni iş yerlərinin 93 %-dən çoxu özəl sektor tərəfindən yaradılıb"
Deputat Tahir Mirkişili bildirib ki, son 9 ay ərzində Azərbaycanda açılan yeni iş yerlərinin 93%-dən çoxu özəl sektor tərəfindən yaradılıb.
Onun sözlərinə görə, özəl bölmənin ümumi daxili məhsulda (ÜDM) payı 86,5 %, məşğulluqda payı isə 78%-dən çoxdur:
"2022-ci ilin dekabrın 9-da "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun qəbul edilib. Azərbaycanda ÜDM-də özəl sektorun payı 1995-2021-ci illər ərzində 2,8 dəfə artıb".
T. Mirkişili hesab edir ki, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir.
Deputat əlavə edib ki, yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır:
"Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir".
Qeyd edək ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə İdarəsinin rəisinin müavini Rauf Quliyev və DGK-nin Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə "Transxəzər Gömrük Tranzit Portalı"nın təqdimatını ediblər.
Bildirilib ki, Transxəzər Gömrük Tranzit Portalı orta dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə tövhə verən Şərqlə Qərbin Xəzər dənizi üzərində rəqəmsal qovşaq mexanizmidir.
O da qeyd olunub ki, ARAS – məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemidir. Burada xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzvə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin ediləcək, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən ediləcək.
Səlahiyyətli İqtisadi Operatorlar – Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçılar, ixracatçılar, daşıyıcılar, gömrük təmsilçiləri və anbar sahibləridir. Səlahiyyətli İqtisadi Operatorlar sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaqlar.
Tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib
Xatırladaq ki, cari ilin martın 15-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib.
Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və təmsilçiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiridə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Orta Dəhlizin cəlbediciliyinin artırılmasının əhəmiyyətindən danışaraq tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində region ölkələrinin səylərini yüksək qiymətləndirib və yaxın dövr ərzində tranzit əməliyyatlarının daha da sadələşdirilməsi və rəqəmsal əsaslarda həyata keçirilməsi üçün mühüm imkanlar yaranacağını vurğulayıb.
Görüşdə Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib və bidirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Əlavə edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.