CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda təşkilatçıdan bir çaynik çaya görə 90 manat aldılar

Azad İstehlakçılar Birliyinin sədri restoranlarda bu kimi halların baş verməsinin "İstehlakçı Hüquqları Haqqında" qanunun icrasına nəzarətin zəif olduğunun nəticəsidir.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. "Bir çaynik çaya görə müştəridən 90 manat alınması azad bazar iqtisadiyyatından sui-istidafədir". Bu sözləri Sputnik Azərbaycan-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məşhur təşkilatçı Eyyub Hüseynzadədən paytaxtda yerləşən restoranların birində bir çaynik çaya görə 90 manat alınmasına münasibətində söyləyib.
Qeyd edək ki, dünən təşkilatçı Eyyib Hüseynzadə öz *Facebook sosial şəbəkə hesabında bu barədə şikayətlənib. E. Hüseynzadənin iddiasına görə, “Paris Bistro” restoranında ondan 1 çaynik çay üçün 90 AZN ödəniş alıblar.
Eyyub Hüseynov, arxiv
“Sizə böyük ayıb olsun. Gecə saat 1-də depozit adı ilə 1 çaynik çaya məndən 90 manat ödəniş aldınız. Yanımda xarici qonaq vardı deyə, səsimi çıxarmadım. Amma bu məsələ belə qalmayacaq biləsiz”, - deyə o bildirib.
Daha sonra E. Hüseynzadə restoran rəhbərliyindən ona zəng olunaraq üzrxahlıq edildiyini, şikayətinin qeydə alındığını yazıb.
E.Hüseynzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, klublar istisna olmaqla restoranların əksəriyyətində depozit tələbi yığışdırılıb. Ona isə restorana qonaqla daxil olduqdan sonra depozit barədə məlumat verilib:

"Mən bu restorana ilk dəfə idi ki, getmirdim. Ölkəmizə ən populyar xarici sənətçiləri gətirən təşkilatçı olduğumdan, restoranların menyu qiymətlərini, harada depozit tələb olunduğunu da yaxşı bilirəm. Artıq biz stola əyləşərkən məlumat verildi ki, depozit tələb olunur. Mən xarici müğənninin meneceri ilə getdiyim üçün qonağın yanında restoranı tərk etmək istəmədim. Qonağın yanında müştərini belə çətin vəziyyətə salmaq düzgün deyildi. Bəlkə mənim cibimdə bu qədər pul olmazdı, onda necə olardı?"

AİB sədri isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, restoranlarda bu kimi halların baş verməsi "İstehlakçı Hüquqları Haqqında" qanunun icrasına nəzarətin zəif olduğunun nəticəsidir.
E.Hüseynov onu da əlavə edib ki, qiymət barədə istehlakçı öncədən məlumatlandırılmalı, menyuda qiymət göstərilməlidir.

"Əgər restoran müştərini əvvəldən qiymət barədə məlumatlandırmaqla yanaşı ona qəbz də verirsə burada qanun pozuntusu yoxdur", - deyə o, əlavə edib.

"Paris Bistro" restoranından isə zənglərimizə cavab verilmədi.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.