BAKI, 18 noyabr - Sputnik. Rusiya Qəzza zolağının dinc əhalisi üçün əlavə 30 ton humanitar yardım göndərəcək.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) "Telegram" kanalı məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə "İl-76" xüsusi reysi artıq Qroznı hava limanından Misirin El-Ariş şəhərinə uçub. Humanitar yardım Misir Qızıl Aypara Cəmiyyətinə (QAC) veriləcək və onlar da öz növbəsində onu keçid məntəqəsindən Qəzza zolağına çatdıracaqlar.
Məlumdur ki, Rusiyanın 30 tonluq humanitar yardımına şəxsi gigiyena vasitələri, yastıqlar, döşəklər, həmçinin qida və uşaq qidaları daxildir.
"KP.RU" yazıb ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov anklava humanitar yüklərin çatdırılması üçün İsrail və Fələstinlə əlaqələrin davam etdiyini açıqlayıb.
Xatırladaq ki, noyabrın 12-də Rusiya FHN Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsinə başlandığını elan edib. Noyabrın 17-nə olan məlumata görə, Fələstin-İsrail münaqişəsi zonasından 500-dən çox rusiyalı xilas edilib, onlardan 288-i artıq öz vətənlərinə qayıdıb.