DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hakan Fidan: Diplomatiya kömək etməsə, Türkiyə Qəzzada başqa yola əl ata bilər

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insanın həlak olduğu bildirilir.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
“Biz indi Qəzzanın blokadasını yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik. Əgər bu üsullar işə yaramırsa, başqa yollar da var ” - o, deyib.
Bundan əvvəl Əl-Cəzirə telekanalı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insanın həlak olduğunu xəbər verib.
Məlumata görə, onlardan 5 mini uşaq, 3 mini isə qadındır.
İtkin düşənlərin sayı artaraq 3 750 nəfərə çatıb, onlardan 1 800-ü uşaqdır. Fələstin tərəfinin məlumatına görə, yaralıların sayı 30 mini keçib, onların 75 %-i qadın və uşaqlardır.
İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1,2 min nəfərdən çox olduğunu bildirib.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.