BAKI, 18 noyabr - Sputnik. “Brüsselin siyasəti Avropa Birliyinin tabutuna tədricən mismar vurur”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Mən əminəm ki, bu gün Brüsseldə onlar Avropanı parçalayırlar və onu məhvə aparırlar” - Orban vurğulayıb.
O, xəbərdarlıq edib ki, Brüssel mövcud siyasəti davam etdirsə, bu, Avropa İttifaqı üçün pis nəticələnə bilər:
“Hesab edirəm ki, Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir. Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur. Böyük çətinliklə toplananlar toxunulmaz qalsın”.
O hesab edir ki, Avropa İttifaqının dağılması yox, dəyişməsi lazımdır. Lakin bu, yalnız birbaşa Brüsseldə köklü dəyişikliklər olacağı təqdirdə mümkündür.
Viktor Orban qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya “xaosa aparan” köhnəlmiş inkişaf modelini təklif edir:
“Getdikcə daha az insan işləyir, getdikcə daha çox insan işsiz yaşamaq istəyir. Sosial nizam yox olur, miqrasiyanın nəticələri idarəolunmazdır, investorlar pullarını Avropadan Amerika və Asiyaya köçürür”.
Qeyd edək ki, bu gün Macarıstanın Baş naziri Viktor Orban yenidən hakim FİDES partiyasının sədri seçilib (Report).