BAKI, 18 noyabr — Sputnik. Azərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb.
Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:
"Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər".
R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır:
"Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər".
AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: "Banklar haqqında" qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur".