BAKI, 17 noyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir.
"Brent" nefti 80 sent bahalaşaraq 78,22 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 76 sent artaraq 73,66 dollar olub.
Dünən neft qiymətləri 5 faiz ucuzlaşaraq son dörd ayın ən aşağı səviyyəsinə enmişdi. Neftin bu həftəki enişinə əsasən ABŞ-nin xam neft ehtiyatlarının kəskin artması və hasilatın rekord səviyyədə qalması səbəb olub. Eyni zamanda Çində tələbatın azalması da narahatlıqlara səbəb olub.
"Brent" neftinin 80 dollardan aşağı olması ilə bir çox analitiklər "OPEC plyus"un əsasən də Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü şəkildə hasilat azaltmasını 2024-cü ilə qədər uzadacağını gözləyirlər.
Xatırladaq ki, "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,81 dollar və yaxud 4,44 faiz azalaraq 82 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.