BAKI, 17 noyabr — Sputnik. Gələn həftə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir.
Bunu İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransına dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, bu da sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək:
"Gələn həftə həmin mərkəzə seçkilərin keçirilməsi gözlənilir. Düşünürük ki, ilkin mərhələdə Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün DOST mərkəzlərində yer ayrılacaq".
Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edilib və habelə Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçilib. 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib.
Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.