İQTİSADİYYAT

Son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb - Rəşad Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib ki, birlikdə işləyərək xəritənin icrasına başlayıblar və bir sıra məsələləri sinxronlaşdırblar.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Orta Dəhliz sabitliyin simvolu kimi iştirak edir, buradakı uğurlar gələcəkdə nəqliyyat və logistika sahəsində dəyişikliklərə səbəb olacaq.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngilan şəhərində keçirilən "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
"Avropa tərəfdaşlarımız Orta Dəhlizə önəm verirlər. Biz düşünürdük ki, ənənəvi dəhlizlərlə Şərqdən Qərbə və Qərbdən Şərqə yüklərin daşınması kifayətdir, lakin geosiyasi məsələrlə bağlı son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb", - deyə o qeyd edib.
Nazir xatırladıb ki, dəhlizə üzv ölkələrlə birlikdə Yol Xəritəsi hazırlanıb: "Bu, çox mükəmməl bir sənəddir və burda digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik", - deyə o əlavə edib.
"Bugünkü konfrans çox mühümdür. Burada çox əhəmiyyətli məsələlərin müzakirəsi aparılacaq. Tədbirdə akademik dairələrdən, özəl sektordan nümayəndələr iştirak edirlər", - deyə nazir fikrini tamamlayıb.