AZƏRBAYCAN XƏBƏRLƏRİ

Kür və Araz çaylarında su ehtiyatlarının 20 faizədək azalacağı proqnozlaşdırılır

Temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanıb.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. "Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər".
Bunu BMT-nın İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Türk Dünyası II Meteorologiya Forumunda deyib.
O bildirib ki, temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanıb.
"Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir",- deyə o əlavə edib.
Xatırladaq ki, ötən ay BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib ki, dünyadakı su ehtiyatının cəmi 3-4%-dən içməli su kimi istifadə edilə bilər. Azərbaycan da su qıtlığından əziyyət çəkən ölkələr arasındadır.