BAKI, 15 noyabr — Sputnik. Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan ərazisində genişləndirilməsi işləri başa çatdırılacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Dayanıqlı maliyyə və investisiya" mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, bu layihənin tam reallaşdırılması Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mühüm rolu oynadığını göstərir: "Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin maliyyə dəstəyi ilə inşa edilmiş BTQ dəmir yolu 2017-ci ildə istismara verilib. Digər mühüm layihə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın yanında yerləşən və müasir infrastruktura malik olan Ələt Azad İqtisadi Zonası yerli və xarici investor cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. Sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur".