BAKI, 15 noyabr — Sputnik. Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Fransa ilə heç-heçə edib. Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb.
Kişi şahmatçılardan ibarət kollektiv isə Xorvatiyaya məğlub olub - 1,5-2,5. Yığmanın heyətində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov isə heç-heçəyə razılaşıb.
Bu gün Avropa çempionatında V turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro ilə, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq.