SƏHİYYƏ

Azərbaycanda şəkər xəstələri üçün yeni məktəb fəaliyyətə başladı

TƏBİB nümayəndəsi bu təcrübənin gələcəkdə regionlarda da tətbiqinin vacib olduğunu vurğulayıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Respublika Endokrinoloji Mərkəzində "Diabet Məktəbi" fəaliyyətə başlayıb. Tədbirdə TƏBİB-in nümayəndəsi Nahidə Mahmudova, Mərkəzin direktoru Nərmin İsmayılova, Azərbaycan Diabet Liqasının sədri, həkim-endokrinoloq Yeganə Sultanova və təlimçilər iştirak edib.
Tədbirdə çıxış edən "Diabet Məktəbi"nin koordinatoru Yeganə Sultanova bildirib ki, şəkər xəstələri üçün təlimlər həftədə iki saat olmaqla dörd gün keçiriləcək.
O, diabet xəstələrinin müalicəsi ilə yanaşı pasiyentlərin terapevtik təliminin də vacib olduğunu, dünyada bu təcrübədən geniş istifadə olunduğunu söyləyib. Bildirib ki, "Diabet Məktəbi" ndə diabet xəstələrinin terapevtik təlimi ödənişsiz aparılacaq.
TƏBİB nümayəndəsi bu təcrübənin gələcəkdə regionlarda da tətbiqinin vacib olduğunu vurğulayıb.
Nərmin İsmayılova isə bildirib ki, təlimdə pasiyentə mövcud xəstəliklə birgə həyatın idarə edilmə bacarıqları barədə məlumat verilir:
"Diabetli xəstələrə düzgün qidalanma əyani şəkildə izah edilir, insulindən istifadə qaydaları, şəkərin normalda saxlanılması üçün zəruri məlumatlar verilir".
Respublika Endokrinoloji Mərkəzində “Diabet Məktəbi” fəaliyyətə başlayıb
"Diabet Məktəbi"nin təşkilinə dəstək göstərən "Servier" şirkətinin nümayəndəsi də bu təcrübənin dünyada geniş yayıldığını söyləyib. Bildirib ki, "Diabet Məktəbi" ndə iştirak edən pasiyentlər üçün məlumatlandırıcı bukletlər çap olunub. Y. Sultanova gələcəkdə bölgələrdə belə məktəblərin fəaliyyət göstərməsi üçün təlimçilərin hazırlanmasının vacib olduğunu söyləyib.