BAKI, 14 noyabr — Sputnik. Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil satışı layihəsini tənqid edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, İT mütəxəssis öz *Facebook sosial şəbəkə hesabında bildirib ki, MİDA bu dəfə "Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa bir açıqlama verməyib.
O, əlavə edib ki, dəfələrlə təkliflər verilib ki, mövcud satış prosesində İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu da tətbiq edilsin:
"Lakin belə görünür ki, hökumət hələlik insan amilinin rolu az olan, insan amilinə söykənən korrupsiya risklərini nəzərə alaraq onlayn satışa üstünlük verir. Düşünürəm ki, mövcud sistemin təkmilləşdirilməsi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı. Yeri gəlmişkən, xatırladıram ki, xeyli müddətdir MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən də istifadə etmir. Güman etmək olar ki, kritik infrastrukturun təhlükəsizliyilə bağlı yeni ictimai münasibətlər formalaşdığından bu məsələlərə XRİTDX və DTX nəzarət edir".
Qeyd edək ki, MİDA Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Gəncə Yaşayış Kompleksində və Sumqayıt layihəsində mənzillərin güzəştli satışına başlayır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.