İQTİSADİYYAT

Azərbaycan və Mərakeş limanların qarşılıqlı fəaliyyətinə dair razılığa gəliblər

İmzalanan sənəd liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi və ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına yönəlib.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rabatda Mərakeş Milli Limanlar Agentliyi ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Bu barədə QSC-nin mətbuat xidməti xəbər verir.
Sənədi Bakı Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və Mərakeş Limanları Milli Agentliyinin baş meneceri Nadia Laraki imzalayıblar. İmzalanma mərasimi ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Mərakeş birgə komissiyasının Rabatda keçirilən iclası çərçivəsində baş tutub.
Memorandumun əsas məqsədi iki struktur arasında əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsidir. Sənəd liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi və ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına yönəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.