"Azərbaycan və Türkiyə millilərinin noyabrın 10-12-də Ermənistanın paytaxtı İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılıb. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Karen Qiloyanın yerli mətbuata açıqlaması yalan və böhtanla doludur. Bildirmək istəyirik ki, Azərbaycan Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyası (FIAS) tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə FIAS-a oktyabrın 18-də göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, aprel ayında İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb. İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq yarışda iştirak etməyəcəyimizi bildirmişik", - deyə vurğulanıb.