BAKI, 13 noyabr - Sputnik. "2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox - 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2%-ni qeyri-neft sektorunun, 49,8%-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolamalarının 1 milyard manatdan çox artması, neft-qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır".
Bunu Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərinin kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcəkdədir", - deyə o qeyd edib.
O əlavə edib ki, Azərbaycanda təkcə büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi vacibdir.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb.
Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər.
İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.