BAKI, 13 noyabr - Sputnik. "Sərhədlərin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritet kimi saxlanılıb".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən paradda dediyi kimi, bütün vəzifələri həyata keçirmişik, ancaq ordu quruculuğu yenə də əsas prioritet olaraq qalacaq: “2024-cü ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Növbəti ildə azad edilmiş ərazilərdə quruculuq işlərinə dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər vəsait ayrılacaq”.
Nazir həmçinin səfərbərlik və digər ehtiyatların formalaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5%-i həcmində və ya 6,4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökimət üzvləri iştirak edirlər. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.
Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.