BAKI, 10 noyabr - Sputnik. Noyabrın 11-də Göyçayda dörd illik fasilədən sonra nar festivalı başlayacaq.
İki gün davam edəcək XV festivalda nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.
Səhər saatlarında mərkəzi stadiondan start veriləcək bayram tədbirində dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpus təmsilçilərinin, beynəlxalq təşkilatların, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının iştirakı gözlənilir.
Festivalın iştirakçıları gün ərzində nar məhsullarının sərgi-yarmarkası ilə tanış olacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançıların çıxışlarına baxacaqlar. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaqlar. Burada ən böyük nar nümayiş olunacaq.
Nar festivalı üçün hazırlıq işləri artıq yekunlaşmaq üzrədir, folklor qrupları, incəsənət ustaları son məşqlərini edirlər. Eyni zamanda, sərgiyə və satış yarmarkasına çıxarılacaq nar və nardan hazırlanan məhsullar kəndlərdən rayon mərkəzinə daşınır.
Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 11-12 də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.