Qarabağın dirçəlişi və reinteqrasiyası

Paşinyan Parisdə səfirlə mübahisə etdi: "Ermənistanı "Qərbi Azərbaycan" adlandırırsız"

Səfir Leyla Abdullayeva fransız moderatordan soruşub ki, Fransanın Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədilə idi?
Sputnik
BAKI, 10 noyabr - Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirəsində Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib.
Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birlikdə iştirak etdiyi panel müzakirəsində Qranadada beştərəfli görüşün baş tutmamasına görə Azərbaycan tərəfini günahlandırıb və Azərbaycanın daha əvvəl razılaşdırılmış görüşdə imtina etdiyini bildirib.
Müzakirədə dinləyici qismində çıxış edən Leyla Abdullayeva əvvəlcə moderatorun suallarının qərəzli olmasına diqqət çəkib:
“Moderator, vurğuladınız ki, siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycanın bu günədək etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa doialoqun tərəfdarıdır”.
Leyla Abdullayeva daha sonra Nikol Paşinyanın ittihamlarına cavab verib: “Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyi düşünürəm ki, aydın şəkildə bildirilib. Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi. Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədilə idi? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandırıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.
Leyla Abdullayevanin çıxışı zaldakı dinləyicilərin alqışları ilə qarşılanıb. Nikol Paşinyan Azərbaycan səfirinə cavab vermək üçün mikrofonu götürsə də, səsləndirilən arqumentlərə münasibət bildirməyib və mövzunu dəyişərək Azərbaycanın Ermənistanı Qərbi Azərbaycan adlandırdığını deyib (APA).