BAKI, 6 noyabr — Sputnik. DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair xəbərdarlıq edib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur: "Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir".
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır: "Son günlər "cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası vədi verən "asancerime.com" internet saytıyla bağlı şikayətlərin sayı artıb. Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib".